AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

20.09.2018 [15:27]

Ağdam, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti əmək yarmarkasına 504 boş iş yeri çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmov yarmarkanın açılışında çıxış edərək, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıblar.
Sonra işaxtaranlar yarmarkaya çıxarılan boş iş yerləri ilə maraqlanıblar. 18 idarə, müəssisə və təşkilat tərəfindən təqdim olunan iş yerləri üzrə əməkhaqqı 130-500 manat məbləğində olub. Gün ərzində yarmarkada 300-dən artıq işaxtaran vətəndaş iştirak edib. Onlardan 75-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Bundan başqa 15 nəfər peşə hazırlığı kurslarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az