AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikdə 9000 nəfərdən çox sakin pulsuz kütləvi tibbi müayinələrdən keçib

27.02.2019 [17:48]

Lerik, 27 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən əhalinin pulsuz kütləvi tibbi müayinəsi Lerik rayonunda da mütəşəkkil davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin sağlamlığının qorunmasına yönələn humanitar aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üçün konkret gün müəyyən olunub.
Tibbi müayinələr Rayon Mərkəzi Xəstəxanasında aparılır. Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xəstəxanada hər cür şərait yaradılıb.
Rayon sakinləri xəstəxananın konsultativ poliklinika şöbəsində yüksəkixtisaslı, təcrübəli həkim-mütəxəssislər tərəfindən hərtərəfli tibbi müayinələrdən keçirilir. Ucqar dağ kəndlərindən rayon mərkəzinə gələ bilməyən sakinləri müayinəyə cəlb etmək məqsədilə səyyar həkim briqadası da yaradılıb.
Tibbi müayinələr nəticəsində xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev bildirib ki, humanitar aksiya çərçivəsində indiyədək 9 mindən çox rayon sakini tibbi müayinədən keçib. Xəstəlik aşkar edilən vətəndaşlardan 245 nəfəri ambulator, 16 nəfəri isə stasionar müalicəyə cəlb edilib.
Xəstələrdən 3 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılıb. Müalicəsi rayonda mümkün olmayan 8 nəfər isə Bakı şəhərindəki müvafiq səhiyyə müəssisələrinə göndərilib.
Tibbi müayinədən keçən sakinlər yaradılan şəraitdən, işin təşkilindən razılıqlarını ifadə edərək, vətəndaşların sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az