AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali məktəblərin boş plan yerlərinə və kolleclərdə qəbul üçün keçirilən müsabiqələrin nəticələri açıqlanıb

20.08.2019 [16:11]

Bakı, 20 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından, eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10001 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96,33 faiz dolub. Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub. Cəmi 381 yer (3,67 faiz) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri DİM-in saytında verilib.
Avqustun 21-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu nömrəsində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu nömrəsində (hər iki jurnal elektron versiyada, pdf şəklində) dərc olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 23-dən sentyabrın 2-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 23-dən 29‑dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az