AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdədə söküntü işlərinin aparıldığı ərazidə top mərmisi aşkarlanıb

22.08.2019 [15:44]

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də saat 11:30-da Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətindən və saat 11:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhərinin Heydər Əliyev prospekti 111 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə söküntü işləri aparılan sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 37 millimetrlik top mərmisi (OR-167N) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az