AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb

05.08.2020 [12:27]

Bakı, 5 avqust, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində fasiləsiz tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman şəhərin Nizami rayon ərazisində gizli fəaliyyət göstərən çayxana aşkarlayıb. Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz rayonunda da xüsusi karantin rejiminin tələblərinə zidd fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi Mahir İsgəndərovu və 6 müştərini aidiyyəti üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirib. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən 200 manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az