AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarda 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb

07.09.2020 [11:05]

Biləsuvar, 7 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələr gətirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Əsgərabad kənd sakini Musa Rəmiyev saxlanılıb. Onun özünə məxsus müxtəlif növ narkotik vasitə, psixotrop və güclü təsirli maddələri saxladığı idman çantası Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib.
Həmin idman çantasından ayrı-ayrı bükümlərdə, ümumilikdə, 7 kiloqram 637 qram tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin və tərkibində güclü təsiredici maddələr olan 90 ədəd “Gabaprel 300” preparatları aşkar edilərək götürülüb.
M.Rəmiyevin həmin narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri İran İslam Respublikasından qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az