AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yazıçı Kamran Nəzirli Rusiya telekanallarının məşhur aparıcılarına cavab verib

02.10.2020 [18:53]

Bakı, 2 oktyabr, AZƏRTAC

Cənab Solovyov və Şeynin! Uzun müddətdir ki, Ermənistan silahlı qüvvələri və özünü qondarma “Dağlıq Qarabağ respublikası” elan etmiş və heç yerdə tanınmayan bir qurumun azğın dəstələri Azərbaycanın dinc əhalisinə qarşı, insanlığa qarşı qəddar genosid törədir. Təkcə 1992-ci fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən Xocalıda aralarında qadınların, uşaqların və qocaların da olduğu 600-dən çox insan vəhşicəsinə qətlə yetirilib. Siz də bilirsiniz, cənab Solovyov və Şeynin, Xocalı qətliamında “şanlı” 366-cı motoatıcı polkun yaramaz hərbçiləri də fəal iştirak ediblər. Həmin rüsvayçı polk iki həftədən sonra ləğv edildi. Lakin bununla qətlə yetirilən insanlarımızı geri qaytarmaq olmaz. Bunu deyəsən yaddan çıxartmısınız?
AZƏRTAC xəbər verir ki, bu fikirlər yazıçı Kamran Nəzirlinin Rusiya telekanallarının Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirən aparıcıları Vladimir Solovyova və Artyom Şeyninə sosial şəbəkədə ünvanlandığı məktubda yer alıb. O, son günlər bir sıra Rusiya jurnalistlərinin Azərbaycanın haqlı və ədalətli işinə kölgə salan çıxışlarını tənqid edərək yazır ki, Dağlıq Qarabağ və ona bitişik geniş əraziləri erməni işğalçıları zəbt ediblər və o torpaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Məktubda daha sonra deyilir: Biz artıq erməni silahlı qüvvələrinin daimi təxribatlarından yorulmuşuq. Cənab Solovyov və Şeynin, sizə bu da məlumdur ki, qondarma respublikanın daxilindəki hər hansı qeyri-qanuni silahlı dəstə terrorçu qruplaşma sayılır. Elə bir vaxtlar siz özünüz Basayevin, Raduyevin dəstələrini məhz belə adlandırdınız və indinin özündə də onların zərərsizləşdirilməsi barədə fəxrlə danışırsınız. Bəs erməni terrorçu dəstələrinə qarşı bizim savaşımız sizi niyə bu qədər narahat edir?
Ordumuzun öz tarixi ərazisini quldur və terrorçulardan tamamilə təmizləyəcəyinə inamını ifadə edən yazıçı daha sonra yazır: “Azərbaycan xalqının səbir kasası daşıb. Sülh danışıqları artıq işə yaramır. Axı bundan sonra nə qədər azərbaycanlı həlak olmalıdır ki, dünya bu azğınlarla yalnız silah gücü ilə danışılmasının labüdlüyünü başa düşsün?”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az