AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Abdullayeva: Ermənistanın şəhərlərimizə raket atəşləri ilə bağlı toplanmış faktlar beynəlxalq təşkilatlara göndəriləcək

05.10.2020 [12:22]

Bakı, 5 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycan şəhərlərinə raket atəşləri ilə bağlı toplanmış faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva oktyabrın 5-də keçirilən brifinqdə söyləyib.
Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb. “Əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək”, - deyə L.Abdullayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az