AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var

07.05.2021 [16:23]

Ağdam, 7 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyev gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Azərbaycan gənclərinin bir fərd, əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocavənd, Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən videokonfransda səsləndirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd etmək, Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxarmış bu dahi şəxsiyyətin gənclərlə iş sahəsində həyata keçirdiyi böyük işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, azərbaycançılıq məfkurəsini gənclər arasında geniş təbliğ etmək məqsədi ilə keçirilən videokonfransda dahi rəhbərin əziz xatirəsi anılıb. Çıxışlarda Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs edilib, mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az