AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ Azərbaycandır!” futbol turnirinin qalibi müəyyənləşib

26.06.2021 [18:34]

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağ Azərbaycandır!” futbol turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günündə keçirilən final qarşılaşmasında “Qubadlı” və “Füzuli” komandaları üz-üzə gəliblər. Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin stadionunda keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Bu hissədə daha dəqiq oyun nümayiş etdirən “Qubadlı” komandası 5:3 hesabı ilə qalib gələrək çempion olub.
Üçüncü yer uğrunda görüşdə isə “Ağdam” komandası “Zəngilan”ı 6:3 hesabı ilə məğlubiyyətə uğradıb.
Daha sonra turnirin qalibləri mükafatlandırılıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mükafatlandırma mərasimində çıxış edərək media nümayəndələri arasında keçirilən turnirin məqsədinin 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun təbliği olduğunu vurğulayıb. Bildirib ki, turnirin final qarşılaşmasının və qaliblərin təltif olunmasının 26 iyun – Silahlı Qüvvələr Gününə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır.
Mərasimdə mükafatları qaliblərə İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AİJF-in prezidenti Qabil Mehdiyev, şəhid jurnalistlər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) aparıcı müxbiri Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun qardaşı Şirzad Abışov təqdim ediblər.
Xatırladaq ki, turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. A qrupunda "Cəbrayıl", "Laçın", "Füzuli" və “Qubadlı”, B qrupunda isə "Kəlbəcər", "Ağdam", "Şuşa" və "Zəngilan" kollektivləri yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az