AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubadlı torpağını yenidən cənnətə çevirəcəyik

25.10.2021 [11:16]

Sumqayıt, 25 oktyabr, Ə.Rzayeva, AZƏRTAC
Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən bir il ötür. Bir il öncə oktyabrın 25-də rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan Qubadlı şəhərində üçrəngli bayrağımızı dalğalandırdı.
Rayon ziyalısı, müəllim Əli Həsənov xatirələrini, şəhərin azad olunması ilə bağlı sevinc hisslərini AZƏRTAC-la bölüşüb.
Əgər iki il bundan əvvəl soruşsaydılar ki, dünyanın ən uzaq əlçatmaz yeri haradır? Tərəddüd etmədən deyərdim: Qubadlı. Niyə? Çünki 30 ildən artıqdır ki, göz açıb böyüdüyüm, həyatımın ən şirin çağlarının keçdiyi bu ulu torpaqlara nəinki xəyallarımda, heç yuxularımda da gedib çıxa bilmirdim...
Xatırlanan o qədər şeylər var ki...
Camaatımız mehriban, bir-birinə əl tutan olub. Bizim torpaqlar məhsuldar, adamlarımız işgüzardır. Heç vaxt yada möhtac olmayıblar. Böyük-kiçik yeri bilən olublar.
Uşaqlığımız çox maraqlı və deyərdim ki, hər günü bir əyləncə ilə keçərdi. Xüsusən də yay ayları. Bərgüşad çayı kəndin önündən keçir və bu çay həm suvarılmada istifadə edilir, həm dadlı balıq növləri ilə zəngindir, həm də əylənmək üçün əlverişlidir. Hətta 4-5 yaşlı qız uşaqları belə bu axar suda üzməyi bacarırdılar.
Kəndin bir tərəfi güney, bir tərəfi quzeydir. Quzeylərdə qar gec əriyirdi və yayda belə yaşıllıq içində qərq olurdu. Bu yaşıllıqda onlarla növ ağac və yabanı meyvə bitirdi. Bir çox meyvələri heç həyətdə əkməyə ehtiyac olmurdu və çöldə-meşədə bu meyvələr yetişəndə gedib yığar, özümüzə qış azuqəsi toplayardıq.
Kəndimizin məktəbi həmin dövr üçün gözəl layihəyə əsasən (Şərqi Zəngəzurda layihə üzrə ilk) tikilmişdi və çox güclü müəllim kadrları var idi. Bu məktəbin yetirmələri yüksək dövlət orqanlarında, elm mərkəzlərində, hərb meydanlarında çalışmaqla bizi qürurlandırırdı.
Birbaşa sərhəddə olduğumuzdan, qonşu kəndlərimizin bəziləri inzibati cəhətdən Ermənistan Respublikasının tərkibinə daxil idi. Bu kəndlərdə həm azərbaycanlı, həm də ermənilər yaşayardı. Bir çox halda erməni ailələri ilə yaxınlıq edir, bir-birimizə gedib-gələrdik. Onlarla birlikdə futbol oynayardıq, balıq tutardıq. Heç ağlımıza da gəlməzdi ki...
1988-ci il noyabrın 24-ü mənim və bütün Eyvazlı kənd camaatının xoşbəxt günlərinin sonuncu günü oldu. Həmin günə qədər həmişə yanımızdan qorxa-qorxa keçən, bizim balaca uşaqlardan belə çəkinən bədnam qonşularımız – erməni daşnakları qəflətən kəndə hücum etdi və bir saatın içində hər tərəfi viran qoydu.
Əvvəlcədən planlaşdırılaraq törədilən Sumqayıt hadisələrindən sonra bu zərbəni gözləyən kənd camaatı müqavimət göstərib, itki verməsə də, kəndi tərk etməyə məcbur oldu. Camaatın bir hissəsi rayon mərkəzinə, bir hissəsi isə yaxınlarının yaşadığı Sumqayıt və Bakıya, digər yerlərə üz tutdu.
Firavan yaşayan ailələrin qisməti məcburi köçkün həyatı oldu.
Uzun illər ata yurdu həsrəti ilə yaşayan insanlar öz maddi vəziyyətlərini düzəltsə də, yurd həsrəti və bizdən qat-qat zəif olan düşmən qarşısında aciz qalmağımız onları həmişə mənən sıxmış, istənilən an qürurunu, Vətənin bütövlüyünü bərpa etməyə hazır olmuşlar.
Şükür olsun ki, bu an gəlib yetişdi. Ötən il sentyabrın 27-də azğın düşmən yeni iddialarla addım atmaq istərkən burunları ovuldu. Kiminlə savaşa çıxdıqlarını anladılar.
Otuz ilə yaxın Azərbaycan xalqının qəlbində toplanan nifrət hissi coşdu, daxili qürur Vətən torpağının bərpası üçün hamını ayağa qaldırdı. Bütün Azərbaycan xalqı, o cümlədən Qubadlı camaatı bir yumruq tək birləşdi. Yaşım 60-ı keçməsinə baxmayaraq, mən də bu azadlıq müharibəsində iştirak etmək istədim. Çox təəssüf ki, məni səfərbərliyə almadılar.
Hər gün bir zəfər çalan ordumuz, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində bizi böyük Qələbəyə yaxınlaşdırırdı. Bizim üçün bəlkə də bir əsr qədər uzun görünən 44 günlük Vətən müharibəsinin hər anı şəhid qanı ilə yazıldı. Hər bir kənd, qəsəbə, şəhər azad olunduqca elə bil biz də böyüyüb-ucalırdıq. Hər bir rayonun azad olunması, təkcə o rayon camaatının deyil, hər bir azərbaycanlının sevincinə səbəb olurdu.
2020-ci il oktyabrın 25-də nəhayət mənim üçün dünyanın ən əlçatmaz ucqarında olan Qubadlı şəhəri və bir çox kəndləri azad edildi. Və birdən-birə o əlçatmazda yerləşən məkanla mənim aramda məsafə yoxa çıxdı. Həmin günü yəqin ki, heç kim unutmayıb. Qubadlıların ən çox məskunlaşdığı Sumqayıtda hamı küçələrə axışdı və sevincindən bir-birini tanımayan adamlar belə qucaqlaşıb göz yaşını saxlaya bilmirdi. Bizə bu duyğunu yaşadanların hər birinin qarşısında baş əyirəm.
İndi bu torpaqları yenidən tikib-qurmaq lazımdır. Azad olunan torpaqları bərpa etmək, təsərrüfat sahələrini dirçəltmək, məcburi köçkünləri əzəli torpaqlarında yüksək səviyyədə yerləşdirmək heç də asan və qısamüddətli iş deyil. 30 il ərzində vandallar tərəfindən dağıdılmış və deyərdim ki, yerlə-yeksan olunmuş bu torpaqlarda bərpa işləri çox böyük maddi vəsait və zəhmət tələb edir.
Yaşayış məntəqələrimizin heç birində salamat ev, ictimai obyekt, hətta qəbiristanlıq belə qalmayıb.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin son günlər işğaldan azad edilmiş ərazilərə səfərləri və görüşlərdə səmimi çıxışları, bərpa və quruculuq işləri barədə fikirləri bizə böyük ümidlər verir. Yəqin ki, hər bir kənd, qəsəbə və şəhərimiz, onların yolları və digər infrastrukturları tədricən təkcə bizim regionda deyil, dünya səviyyəsində öz gözəlliyinə görə seçiləcək. Qubadlı torpağı da bu çiçəklənən məkanın cənnət guşələrindən biri olacaq.
Qubadlı rayonu çox əlverişli coğrafi və strateji mövqeyə malikdir. Rayonun relyefi və iqlim şəraiti kənd təsərrüfatının, kəşf olunmuş və hələ kəşfini gözləyən yeraltı sərvətlərimiz sənayenin çoxsahəli inkişafı üçün geniş imkanlar açır. Çoxsaylı bulaqları, saf havası, meşələri istirahət və turizm üçün çox əlverişlidir. Şərqi və Qərbi Zəngəzuru birləşdirəcək yolların qovşağında yerləşməsi bu imkanları daha da genişləndirir.
Bu yolda işığımız güclü olsun. Biləklərimiz dəmir yumruq ətrafında bir-birinə qovuşsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az