AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıxanov qəsəbəsində 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb VİDEO

07.03.2022 [14:59]

Bakı, 7 mart, AZƏRTAC

Bakıda çoxmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Nurəddin Abıyev saxlanılıb. Tutulan zaman ondan heroin də aşkar edilib. Keçirilən əməliyyat nəticəsində onun Bakıxanov qəsəbəsi ərazisində 10-a yaxın çoxmərtəbəli binanın liftlərinin naqillərini kəsərək oğurladığı məlum olub. Nurəddin Abıyev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdığını bildirib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Nurəddin Abıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az