AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərifə Əliyeva – ürəklərdə əbədi yaşayan işıqlı xatirə

29.04.2023 [00:23]

Şirvan, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən “Zərifə Əliyeva – ürəklərdə əbədi yaşayan işıqlı xatirə” adlı tədbir keçirilib.
Şirvan Şəhər Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər icra hakimiyyətinin başçısı yanında şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Zərifə xanım Əliyevanın büstü önünə tər gül dəstələri düzülüb, foto-rəsm sərgisinə baxış keçirilib və Zərifə xanım Əliyevaya həsr olunan sənədli film izlənilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Şirvan şəhərində də geniş qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik, tibb elmləri doktoru, ictimai xadim, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib və xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Həmçinin Zərifə xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, işini mükəmməl bilən həkim, Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran ictimai xadim olduğundan danışılıb.
Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri Mətanət Səfərova akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən söz açıb. Bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Zərifə xanımın fitri istedada malik novator alim kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az