AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kosovo-Mitrovitsa şəhərində serblər əleyhinə mitinq keçirilir

01.06.2023 [17:20]

Bakı, 1 iyun, AZƏRTAC

Kosovo-Mitrovitsa şəhərin cənubunda yaşayan albanlar “Şimala yürüş” şüarı ilə küçələrə çıxıb. Şəhərin şimal hissəsində serblər məskunlaşıb.
AZƏRTAC Kosovo Online portalına istinadla xəbər verir ki, ötən gün sosial şəbəkələrdə yaşayış məntəqəsini iki hissəyə bölən İbar çayı üzərindəki körpüyə yürüş etmək barədə çağırışlar yayılıb.
Mayın 26-da Kosovo polisi Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok və Leposaviç bələdiyyələrinin binalarını nəzarətə götürdükdən sonra vəziyyət gərginləşib. Polis əməkdaşları seçkilərdə qələbə qazanan alban bələdiyyə sədrlərinin fəaliyyətini təmin etməyə çalışsa da, serblərin müqaviməti ilə qarşılaşıb. Nəticədə 50-dən çox etirazçı və gərginliyin azalması üçün bölgəyə cəlb olunan NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) təxminən 40 hərbçisi xəsarət alıb.
Serblər Kosovo xüsusi təyinatlılarının regiondan çıxarılmasını tələb edir və alban bələdiyyə sədrlərini tanımadıqlarını bildirirlər.
Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Belqrada bağlı ordu birləşmələri hazırda Kosovo ilə sərhəd boyu yerləşdirilib. NATO isə Kosovonun şimalına oradakı qüvvələrə dəstək üçün əlavə 700 hərbçi göndərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az