AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ABŞ-ın səylərini yüksək qiymətləndiririk

04.07.2023 [11:06]

Bakı, 4 iyul, AZƏRTAC

Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-ın milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. “Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az