AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRANIN İŞ ADAMLARI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR

31.07.2003 [13:36]

İran Tacirlər Birliyinin sədri Əndişe Qoreyşi Nərmiqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. 40 nəfərdən ibarət heyətin üzvləri quşçuluq, arıçılıq, maldarlıq və tikinti materiallarının istehsalı ilə məşğul olan iş adamlarıdır. Qonaqlar bəzi bölgələrə getmiş, yerli sahibkarların fəaliyyəti ilə yaxından tanış olmuşlar.

“Avropa” otelində iranlı iş adamlarının yerli sahibkarlarla görüşü keçirilmişdir. Tədbirdə İranın iş adamları ilə müştərək müəssisələr yaradılması, kənd təsərrüfatına daha çox sərmayə cəlb olunması məsələləri müzakirə edilmişdir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov görüşdə çıxış edərək bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Prezidentinin sahibkarlarla son görüşlərinin nəticəsi olaraq yanvar ayından etibarən kənd rayonlarında sahibkarlardan tutulan mənfəət vergisi ümumi mənfəət vergisinin 40 faizi qədər azaldılmışdır. Qanunvericilik və maddi-texniki baza təkmilləşdirilmiş, informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Qonaqlar əlaqələri daha da genişləndirəcəklərini, həmyerlilərimizi İrana dəvət edəcəklərini və Azərbaycanda İran mallarının sərgisini keçirəcəklərini bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az