AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖYÜK BRİTANİYA İRANDAKI SƏFİRLİYİNİ BAĞLAMIŞDIR

03.09.2003 [22:56]

AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti olaraq bağlamışdır. Buna səbəb diplomatik nümayəndəliyin binasının küçədən atəşə tutulmasıdır. Bunu sentyabrın 3-də Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdir.

O demişdir ki, Britaniyanın Tehrandakı səfirliyinə günün günorta çağı beş atəş açılmışdır. Güllələr birinci və ikinci mərtəbələrdəki otaqlara düşmüşdür. Xoşbəxtlikdən, heç kim xəsarət almamışdır.

Müşahidəçilərin fikrincə, İranın Argentinadakı sabiq səfiri Hadi Süleymanpur bu ölkənin sorğusu ilə Böyük Britaniyada həbs edildikdən sonra iki dövlət arasında münasibətlərdə müəyyən gərginlik yaranmışdır. H.Süleymanpur 1994-cü ilin iyulunda Buenos-Ayresdə, yəhudi mədəniyyət mərkəzinin binası qarşısında terror aktı törədilməsində təqsirləndirilir. Bu akt nəticəsində 85 nəfər ölmüş və 200-dək adam yaralanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az