AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

OLEQ BLOXİN: UKRAYNA DÜNYA ÇEMPİONATINDA QALİB GƏLSƏ, SAÇIMI DİBİNDƏN QIRXDIRACAĞAM

27.04.2006 [15:35]

AzərTAc xəbər verir ki, Ukrayna yığmasının baş məşqçisi Oleq Bloxin iyunun 9-da Almaniyada başlanacaq dünya futbol çempionatına hazırlığın gedişindən danışmışdır. Onun sözlərinə görə, komandanın problemləri çoxdur. Bunlar həm də onunla bağlıdır ki, yığmanın aparıcı futbolçuları yorulmuşlar, digərləri lazımi qədər oyun praktikası ala bilmir. Buna baxmayaraq, Bloxin yığmanın pley-off (uduzanın çıxması) mərhələsinə çatacağına inanır.

Baş məşqçi demişdir ki, yığmaya bir çox potensial namizədlərin oyunu milli komandanın oyun səviyyəsinə uyğun gəlmir, buna görə də Almaniyaya, FİFA-nın tələb etdiyi kimi, 23 nəfər yox, 20, yaxud 17 nəfər apara biləcəkdir. Yığma kollektivdə komanda oyununu sahmanlamaq üçün vaxt çox azdır. Belə ki, dünya çempionatında oyunun bir neçə modeli olmalıdır. Məsələn, ispaniyalılarla görüş üçün bir, Səudiyyə Ərəbistanı ilə görüş üçün başqa model qurulmalıdır.

Bloxin dünya çempionatının final hissəsində yarışacaq komandalar barədə öz fikrini açıqlayaraq bildirmişdir ki, “yüksək yerlərə çox komanda namizəddir. Lakin bəziləri Afrika komandalarına barmaqarası baxırlar. Zənnimcə, onlar səhv edirlər. Afrika kuboku uğrunda oyunlarda gördüklərim məni heyran etdi. Asiyada da yaxşı komandalar var”.

Baş məşqçi demişdir: “O ki qaldı Ukrayna yığmasına, biz çempion olsaq, saçımı dibindən qırxdıracağam”.

Xatırladaq ki, çempionatda ukraynalılar İspaniya, Tunis və Səudiyyə Ərəbistanı komandaları ilə bir qrupa düşmüşlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az