AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında
Gəzdim Azərbaycanı: Bakı-Gədəbəy VİDEO

05.10.2013 [21:40]

Bakı, 5 oktyabr (AzərTAc). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) “Gəzdim Azərbaycanı” layihəsinin çəkiliş qrupu bu dəfə Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri olan Gədəbəy rayonundan bəhs edir.
Bildirilir ki, dağlar diyarı Gədəbəy Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir. Bu diyar Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Ərazidə olan qədim abidə və tikililər eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
Videoreportajda diqqətə çatdırılır ki, gözəl təbiəti və iqlimi ilə yanaşı, nəinki Azərbaycanın, hətta vaxtilə dünyanın tanınan sənaye mərkəzlərindən biri olmuşdur. Bir çox Avropa şəhərlərində küçələr kerosin lampaları ilə işıqlandırıldığı zamanlarda, bu ucqar dağlıq ərazidə elektrik enerjisi olmuşdur.
Qeyd edilir ki, gözəl təbiəti Gədəbəyi ölkənin turizm məkanlarından birinə çevirmişdir. “Aşağı Narzan”, “Eldarado” və digər otel və istirahət zonaları bura gələn turistlərin ixtiyarındadır.
Gədəbəy Azərbaycanın həm də aşıq musiqisi və folklor beşiyidir. Burada aşıq sənəti çox inkişaf edib. Təsadüfi deyil ki, Aşıq Məktəbi də elə məhz Gədəbəydə açılmışdır.
AzərTAc-ın təqdim etdiyi “Gəzdim Azərbaycanı: Bakı-Gədəbəy” videoreportajında bu rayonun tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti, sənaye müəssisələri, yeni tikililəri, müasir park və meydanları, səhiyyə, təhsil, idman, mədəniyyət ocaqları barədə ətraflı məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az