AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

10.06.2026 [18:13]

Bakı,10 iyun, AZƏRTAC

ABŞ-nin Nyu-York şəhərində yerləşən “Okeana” Teatrında “İpək Yolu – 2026” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, festival Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Amerika Təşkilatları Alyansının dəstəyi, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovanın təşkilatçılığı ilə baş tutub.
Müxtəlif xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədbirə 300-dən çox iştirakçı qatılıb. Festivalda müxtəlif ölkələrin mədəniyyətləri, milli adət-ənənələri, musiqi və rəqsləri təqdim edilib.
“My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin yetirmələrinin ifasında “Azərbaycan”, “Nəlbəki”, “Yallı” və Qafqaz rəqsləri alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az