AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT sədri: Azərbaycanın iqtisadi sabitliyi milli təhlükəsizliyin əsas dayaqlarındandır

01.07.2026 [16:28]

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycanda müstəqillik illərində formalaşan və qorunub saxlanılan sosial, iqtisadi və siyasi sabitlik ölkənin milli təhlükəsizliyinin əsas dayaqlarından biridir. Bu sabitliyin təmin olunmasında həyata keçirilən uğurlu makroiqtisadi siyasət, ardıcıl islahatlar və qeyri-neft sektorunun inkişafı mühüm rol oynayıb. Dünyada davam edən hərbi münaqişələr, ticarət qarşıdurmaları və iqtisadi gərginliklər bir sıra ölkələrdə, o cümlədən böyük dövlətlərdə iqtisadi qeyri-sabitlik və enerji problemləri yaradıb. Avropa İttifaqının bir çox üzv dövləti də bu proseslərin təsirini hiss edir. Qlobal təhlükəsizlik çağırışlarının artdığı şəraitdə bəzi ölkələr sosial-iqtisadi layihələrə ayrılan vəsaitləri müdafiə xərclərinə yönəltmək məcburiyyətində qalırlar ki, bu da yeni sosial və iqtisadi problemlər yaradır. Belə bir şəraitdə Azərbaycanın müstəqillik illərində təmin etdiyi iqtisadi sabitlik və davamlı inkişaf modeli ölkədə ictimai-siyasi sabitliyin qorunmasında həlledici rol oynayıb. Məhz bu siyasətin nəticəsidir ki, əhalinin rifahının yüksəldilməsi, sosial təminatın gücləndirilməsi və məşğulluğun artırılması dövlət siyasətinin əsas prioritetləri sırasında yer almaqda davam edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri (İB) Vüqar Əhmədov deyib.
O bildirib ki, Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edərək əhalinin rifahının yüksəldilməsini və sabit inkişafın təmin olunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Bu məqsədlə kənd təsərrüfatı, nəqliyyat və logistika kimi strateji sahələrin inkişafına xüsusi diqqət yetirilib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər əhalinin sosial təminatının güclənməsinə və dayanıqlı gəlirlərin formalaşmasına mühüm töhfə verib.
İB sədri qeyd edib ki, dünyada baş verən hərbi münaqişələrin arxasında çox vaxt iqtisadi və ticarət qarşıdurmaları dayanır. Bu proseslər bir sıra ölkələrin iqtisadiyyatında ciddi böhranlar yaradır, əhalinin gəlirlərinə və həyat səviyyəsinə mənfi təsir göstərir.
“Azərbaycan isə sabitlik adası kimi bu cür iqtisadi təhdid və şokları vaxtında neytrallaşdırır. İqtisadiyyatın şaxələndirilməsi, xarici asılılığın azaldılması, qida təhlükəsizliyinin gücləndirilməsi və valyuta ehtiyatlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hökumətin uğurlu iqtisadi siyasəti nəticəsində ölkə həddindən artıq borclanmadan milli gəlirlərini formalaşdırıb və rəqabətqabiliyyətli iqtisadi model qurmağa nail olub”, - deyə V.Əhmədov vurğulayıb.
O bildirib ki, qlobal iqtisadi şəraitin sürətlə dəyişdiyi dövrdə yeni gəlir mənbələrinin yaradılması və əhalinin sosial ehtiyaclarının operativ qarşılanması çevik iqtisadi idarəetmə tələb edir. Bu baxımdan iqtisadiyyatın rəqəmsallaşdırılması, müasir texnologiyaların tətbiqi və Azərbaycanın tranzit hab kimi alternativ və dayanıqlı gəlir mənbələri formalaşdırması mühüm əhəmiyyət daşıyır.
“Ölkəyə 350 milyard ABŞ dollarına yaxın birbaşa investisiyanın cəlb edilməsi, qeyri-neft sektorunun ÜDM-də payının 70 faizi ötməsi, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz olması Azərbaycanın uzunmüddətli iqtisadi sabitliyi təmin etdiyini göstərir. Bu amillər sayəsində ölkə qlobal iqtisadi sarsıntılara qarşı dayanıqlığını qoruyur. Azərbaycanın iqtisadi, siyasi və hərbi baxımdan tam suveren və güclü dövlətə çevrilməsi əldə olunan bütün uğurların əsasını təşkil edir”, - deyə V.Əhmədov vurğulayıb.

Müxbir - Günel Türksoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az