Bakı, 2 iyul, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsi ilə yanaşı, enerji konnektivliyi üzrə tərəfdaşlıq platformasının yaradılması ilə bağlı irəli sürülən təklif Azərbaycan–Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs tərəflər arasında əməkdaşlığın yalnız enerji tədarükü ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və strateji istiqamətləri əhatə etdiyini nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib.
Ekspert qeyd edib ki, son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Təbii qaz ixracının artırılması, yeni enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji istiqamətində atılan addımlar Avropa İttifaqı ilə münasibətlərə yeni məzmun qazandırıb. Onun sözlərinə görə, Ursula Fon der Lyayen irəli sürdüyü enerji konnektivliyi üzrə tərəfdaşlıq platforması məhz bu əməkdaşlığın növbəti inkişaf mərhələsini ifadə edir.
Samir Heydərov vurğulayıb ki, söhbət artıq yalnız enerji resurslarının alqı-satqısından getmir. Buraya elektrik enerjisi şəbəkələrinin qarşılıqlı inteqrasiyası, bərpaolunan enerji layihələrinin birgə maliyyələşdirilməsi, enerji infrastrukturunun modernləşdirilməsi, Xəzər regionundan Avropaya uzanan enerji dəhlizlərinin genişləndirilməsi, eləcə də yaşıl enerjinin ixracı üçün yeni texniki imkanların yaradılması daxildir.
“Belə bir platformanın formalaşdırılması Avropa şirkətlərinin Azərbaycana marağını daha da artıracaq. Bu isə enerji sektoruna yeni investisiyaların cəlb olunmasına, innovativ texnologiyaların tətbiqinə və müasir infrastrukturun qurulmasına əlavə stimul verəcək. Nəticədə Azərbaycan regional enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”, - deyə ekspert bildirib.
İqtisadçı hesab edir ki, Ursula Fon der Lyayenin Bakı səfəri bütövlükdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçidini nümayiş etdirir: “Əgər əvvəlki illərdə əməkdaşlığın əsas istiqamətini enerji təhlükəsizliyi təşkil edirdisə, hazırda gündəlik daha geniş iqtisadi və strateji məsələləri əhatə edir. Xüsusilə nəqliyyat, logistika, rəqəmsal infrastruktur, yaşıl keçid, ticarət əlaqələrinin genişləndirilməsi və regional iqtisadi inteqrasiya qarşıdakı dövrün əsas əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır”.
Samir Heydərovun sözlərinə görə, Avropa İttifaqının əsas məqsədlərindən biri Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında etibarlı iqtisadi və nəqliyyat körpüsünə çevirməkdir. Bu məqsədlə dəmir yollarının, avtomobil magistrallarının, limanların, logistika mərkəzlərinin, enerji xətlərinin və rəqəmsal kommunikasiya infrastrukturunun inkişafına böyük həcmdə investisiyaların yönəldilməsi nəzərdə tutulur.
Ekspert bildirib ki, bu layihələrin həyata keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacaq. Tranzit daşımalarının artması, yük dövriyyəsinin genişlənməsi, logistika xidmətlərinin inkişafı və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi regionun geoiqtisadi əhəmiyyətini daha da yüksəldəcək.
“Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, müasir dəmir yolu infrastrukturu və azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat layihələri Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Avropa İttifaqı da bu strateji üstünlükləri nəzərə alaraq əməkdaşlığı daha da dərinləşdirməyə çalışır”, - deyə Samir Heydərov vurğulayıb.
O əlavə edib ki, iqtisadi əməkdaşlığın genişlənməsi yalnız ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır. Bu proses regionda sabitliyin möhkəmlənməsinə, etibarlı beynəlxalq ticarət marşrutlarının formalaşmasına və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə də xidmət edir. Deyib ki, iqtisadi maraqların üst-üstə düşməsi regional əməkdaşlığın davamlı inkişafına mühüm zəmin yaradır.
Samir Heydərov bildirib ki, Azərbaycanın yaşıl enerji strategiyası da Avropa İttifaqının prioritetləri ilə üst-üstə düşür. Xəzər dənizinin külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi, Günəş və külək elektrik stansiyalarının tikintisi gələcəkdə Avropaya yaşıl enerjinin ixracı üçün yeni imkanlar açır. Bu isə enerji əməkdaşlığını daha davamlı və uzunmüddətli edəcək.
Ekspert bildirib ki, elan olunan təşəbbüslər və layihələr sayəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas logistika, enerji və ticarət mərkəzlərindən birinə çevrilə bilər. Bu isə ölkəyə xarici investisiyaların daha da artmasına, minlərlə yeni iş yerinin yaradılmasına, qeyri-neft sektorunun inkişafının sürətlənməsinə, ixrac imkanlarının genişlənməsinə və milli iqtisadiyyatın dayanıqlığının güclənməsinə əhəmiyyətli töhfə verəcək.
“Bu baxımdan Ursula Fon der Lyayenin Bakı səfəri təkcə diplomatik hadisə deyil. Bu səfər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən, regionun iqtisadi arxitekturasına təsir göstərə biləcək strateji əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Qarşılıqlı siyasi iradə və iqtisadi maraqlar bu əməkdaşlığın uzunmüddətli perspektivdə daha da dərinləşəcəyini göstərir”, - deyə Samir Heydərov əlavə edib.