Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan bu gün infrastruktura ciddi investisiyalar yatıran ölkədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes-forumunda deyib.
Nazir qeyd edib ki, bugünkü biznes-forum çərçivəsində yeni layihələrin başlanğıcı qoyulacaq: “QDTİB bizim aktiv tərəfdaşlarımızdan biridir. Bank bu günədək Azərbaycanda 500 milyon avroyadək layihələrin maliyyələşdirilməsində iştirak edib. Burada özəl və dövlət şirkətləri üçün yeni imkanlar açılacaq”.
“Bu gün qlobal iqtisadiyyat mühüm transformasiya dövrünü yaşayır. Azərbaycan həm regionun, həm Avropanın, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz bu gün infrastruktura ciddi investisiyalar yatıran ölkədir. Mövcud geosiyasi çətinliklər fonunda Orta Dəhlizin rolu getdikcə artır. Bu baxımdan Azərbaycan bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunmasında vacib rola malikdir, digər tərəfdən isə nəqliyyat infrastrukturu baxımından körpü rolunu oynayır”, - deyə Sahil Babayev vurğulayıb.
Fotoqraf - Azər İbrahimov