AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 [10:40]

Şuşa, 2 iyul, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 2-də Şuşa şəhəri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən qala uzun illər boyu şəhəri xarici hücumlardan qoruyaraq onun alınmazlıq rəmzinə çevrilib. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilib.
Daha sonra konqres iştirakçıları Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhərinin mərkəzi meydanını ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar Xurşidbanu Natəvanın ev-muzeyi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı ilə də tanış olublar.
Qonaqlara bildirilib ki, Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərin tarixi-mədəni irsinin qorunması ilə yanaşı, onun beynəlxalq mədəniyyət və elm mərkəzi kimi inkişafına da xidmət edir.

Müxbir - Gülay Nəzərova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az