Bakı, 2 iyul, AZƏRTAC
Aleksandr Plüşenkonun Azərbaycanı təmsil etməyi seçməsində atası Yevgeni Plüşenkonun da rolu olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova rusiyalı fiqurlu konkisürən Aleksandr Plüşenkonun 2026–2027-ci illər mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməsi ilə bağlı danışarkən deyib.
Baş katib bildirib ki, idmançının Azərbaycan bayrağı altında çıxış etməsi üçün əvvəlcə Rusiya Fiqurlu Konkisürmə Federasiyasına müraciət olunub: “Qurumdan müsbət cavab aldıqdan sonra sənədlər Beynəlxalq Konkisürmə İttifaqına təqdim edilib. Bu gün isə qurum Aleksandr Plüşenkonun beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməsinə rəsmi razılıq verib”.
Günel Bədəlova bu qərarın qəbul olunmasında Yevgeni Plüşenkonun Azərbaycanla uzunmüddətli əməkdaşlığının da rol oynadığını vurğulayıb: “Aleksandr Plüşenkonun atası, eyni zamanda, məşqçisi olan Yevgeni Plüşenko dəfələrlə federasiyamızın dəvəti ilə Azərbaycanda master-klaslar keçib, buz şoularında iştirak edib və müxtəlif layihələrə töhfə verib. Aleksandr da həmin tədbirlərdə iştirak edib. Onların Azərbaycana xüsusi rəğbəti var və bu səbəbdən ölkəmizi təmsil etmək təklifini müsbət qarşılayıblar”.
Federasiya rəsmisi idmançının Azərbaycan bayrağı altında ilk beynəlxalq yarışının yeniyetmələr arasında Qran-Pri seriyası olacağını da diqqətə çatdırıb: “Aleksandrın ilk yarışları yeniyetmələr arasında Qran-Pri seriyasına təsadüf edəcək. Yarışların keçiriləcəyi ölkələr barədə dəqiq məlumat iyulun sonu və ya avqustun əvvəlində açıqlanacaq”.
Qeyd edək ki, Aleksandr Plüşenko fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Plüşenkonun oğludur.