Bakı, 2 iyul, AZƏRTAC
Pakistanın müxtəlif bölgələrində yağan musson yağışları və güclü küləyin yaratdığı hadisələr nəticəsində azı 11 nəfər ölüb, 27 nəfər yaralanıb.
AZƏRTAC Pakistanın “The Nation” qəzetinə istinadla xəbər verir ki, ən çox itki Hayber-Paxtunxva əyalətində qeydə alınıb. Burada ildırım vurması və daşqınlar nəticəsində 6 nəfər ölüb, 19 nəfər yaralanıb. Pəncab əyalətində və Bəlucistanda isə daşqınlar nəticəsində evlərin divarları uçub və 5 nəfər həyatını itirib.
Pakistan hakimiyyəti yaxın günlərdə güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edərək, əhalini ehtiyatlı olmağa çağırıb.