AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıdakı UFC turnirinin videoları 297,3 milyon baxış toplayıb

02.07.2026 [11:13]

Bakı, 2 iyul, AZƏRTAC
Bakıda təşkil olunan UFC turniri böyük maraqla qarşılanıb.
Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, turnirin sahibi olan "TKO Group Holdings" şirkətinin yaydığı məlumata əsasən, Milli Gimnastika Arenasında keçirilən yarışın bütün biletləri satılıb və tribunalar tam dolub.
Bildirilib ki, UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı paylaşımlar 612,9 milyondan çox təəssürat, videolar isə 297,3 milyon baxış toplayıb.
Döyüş həftəsi ərzində UFC-nin 50 milyondan artıq izləyicisi olan rəsmi instaqram hesabında Bakıdan gündəlik paylaşımlar edilib. Həmin materiallarda turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları dünya auditoriyasına təqdim olunub.
Məlumatda, həmçinin qeyd olunub ki, Bakıdakı UFC turniri ilk dəfə dünyanın ən böyük striminq platformalarından biri olan "Paramount+" vasitəsilə canlı yayımlanıb. Platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir.
Turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Yarış beynəlxalq medianın da diqqət mərkəzində olub. Tədbiri 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az