AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA: Bir çox şirkətin beynəlxalq bazarlara çıxışı üçün əlavə dəstəyə ehtiyacı var

02.07.2026 [11:32]

Bakı, 2 iyul, AZƏRTAC
Kiçik və orta biznes subyektləri (KOB) iqtisadiyyatın təməlini təşkil edir və dayanıqlı iqtisadi artımın, innovasiyaların inkişafının təmin olunmasında əhəmiyyətli rola malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes-forumunda deyib.
Orxan Məmmədov qeyd edib ki, bununla belə, kiçik və orta biznes subyektləri, xüsusilə mikro sahibkarlar maliyyə vəsaitlərinə çıxışla bağlı çətinliklərlə üzləşirlər. Onlar tez-tez kreditlərin əldə olunması zamanı girov təminatı ilə bağlı yüksək tələblərlə qarşılaşırlar. KOBİA və digər dövlət qurumları bu problemlərin həlli istiqamətində müvafiq işlər həyata keçirir.
"Məhsuldarlığın və innovasiyaların artırılması da KOB-ların əsas çağırışlarından biridir. Bir çox sahibkarlıq subyektinin innovativ həllərə, qabaqcıl idarəetmə metodlarına və müasir texnologiyalara ehtiyacı var. İnsan kapitalı məsələsi də KOB-lar üçün mühüm çağırış olaraq qalır. Biznes müəssisələrinin texniki sahələr üzrə savadlı, peşəkar kadrlara ehtiyacı artır. Digər mühüm məsələ isə ixraca hazırlıq səviyyəsidir. Azərbaycan məhsullarının xarici bazarlarda böyük potensialı olsa da, bir çox şirkətin beynəlxalq bazarlara çıxışı üçün əlavə dəstəyə ehtiyacı var”, - deyə o əlavə edib.
Ən vacib istiqamətlərdən birinin də rəqəmsal transformasiya və “yaşıl keçid” olduğunu deyən Orxan Məmmədov bildirib ki, kiçik və orta biznes subyektləri rəqəmsal texnologiyalara uyğunlaşmalı, fəaliyyətlərini daha səmərəli və ekoloji baxımdan dayanıqlı şəkildə qurmalıdır.

Fotoqraf - Azər İbrahimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az