Bakı, 29 iyul, AZƏRTAC
Qırğız Respublikasının şimal-şərqində yerləşən İssık-Kul gölü təkcə dünyanın ikinci ən böyük krater gölü deyil, həm də əsrlər boyu köçəri türk xalqlarının həyat tərzini yaşadan unikal mədəniyyət məkanıdır. Tyan-Şan dağlarının qoynunda yerləşən bu ecazkar bölgə sıx meşələri, yaşıl yaylaqları və təmiz dağ havası ilə insanı ilk baxışdan valeh edir. Burada təbiət və insan harmoniyası bu gün də qorunub saxlanılır, hər mənzərə qədim köçəri həyatın izlərini özündə yaşadır.
Qırğız Respublikasının incisi adlandırılan İssık-Kulun sahillərində yerləşən Kırçın dərəsi sanki təbiətin öz əlləri ilə yaratdığı nəhəng bir səhnədir. Yaşıl yaylaqların sonsuzluğu, Tyan-Şan dağlarının əzəməti və buludların kölgəsində uzanan meşələr burada insanı zamanın sərhədlərindən uzaqlaşdırır. Külək bu vadidə adi meh deyil, əsrlərin yaddaşını daşıyan bir nəğmədir. Atların nallarından yüksələn səs dağların əks-sədasına qarışaraq köçəri həyatın unudulmayan ritmini yaşadır. Ənənəvi atüstü oyunlar və oxatma nümayişləri isə qırğız xalqının döyüş məharətini, çevikliyini və qədim türk irsini bu gün də yaşatdığını nümayiş etdirir.
Kırçın dərəsi həm də əsrlərdir yaşadılan berkutçu ənənəsinin mərkəzlərindən biridir. Milli geyimli berkutçuların biləyində qürurla daşıdığı qartal və şahinlər cəsarətin, gücün və insanla təbiət arasındakı harmoniyanın rəmzidir. Onların yanında sürəti, çevikliyi və sədaqəti ilə seçilən zərif tayqan cinsli tazılar qədim ovçuluq mədəniyyətinin ayrılmaz hissəsini təşkil edir. At belində hədəfə ox atan süvarilər, berkutçular və tazıların yaratdığı bu ecazkar mənzərə qırğız xalqının əsrlər boyu qoruyub saxladığı köçəri həyat tərzini və qədim türk mədəniyyətini bu gün də bütün canlılığı ilə yaşadır.
AZƏRTAC-ın fotoqrafının obyektivindən görünən bu mənzərə İssık-Kulun füsunkar təbiəti ilə qırğız xalqının əsrlərdir yaşatdığı köçəri mədəniyyətini, berkutçuluq ənənəsini və döyüş sənətini bir kadrda birləşdirir.
Fotoqraf – Nicat Haşımov