Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanda nadir ilan növləri ilə bağlı yeni elmi müşahidələr qeydə alınıb. Alimlər ötən il Qarabağın Ağdərə rayonunda elm üçün yeni təsvir olunmuş Urartu təlxəsini aşkar ediblər. Mütəxəssislərin sözlərinə görə, ölkə ərazisində geniş areala malik olsa da, bu növə olduqca nadir hallarda rast gəlinir.
Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun Zooloji Muzeyinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova AZƏRTAC-a müsahibəsində Azərbaycanın ən nadir zəhərli ilanlarından olan İrəvan gürzəsinin yalnız Qarabağ və Naxçıvanın yüksək dağlıq ərazilərində məhdud sayda lokalitetlərdə yayıldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda nadir yayılan ilan növləri sırasında yer alan Urartu təlxəsi ölkə ərazisində yenidən qeydə alınıb. Urartu təlxəsi elm üçün yeni təsvir edilmiş növdür və bu növün təsviri onun bütün yayılma arealını əhatə edən geniş beynəlxalq alimlər qrupu tərəfindən hazırlanıb. Azərbaycan üzrə aparılan tədqiqatlarda yerli mütəxəssislər iştirak ediblər.

Mütəxəssis qeyd edib ki, Urartu təlxəsi areal baxımından Azərbaycanın müxtəlif bölgələrində rast gəlinsə də, olduqca nadir növdür. Zooloji Muzeydə nümayiş etdirilən eksponat isə 2025-ci ildə Qarabağın Ağdərə rayonunda aşkar edilib. “Bu, həmin növlə ikinci və ya üçüncü qarşılaşmamdır. Digər ilan növləri ilə müqayisədə Urartu təlxəsinə çox nadir hallarda rast gəlinir”, – deyə o vurğulayıb.

Müsahibimiz Azərbaycanın digər nadir zəhərli ilan növlərindən biri olan İrəvan gürzəsi haqqında da məlumat verib. Onun sözlərinə görə, bu növ yalnız Qarabağ və Naxçıvan ərazilərində yayılıb. İrəvan gürzəsinin Kəlbəcər rayonu ərazisində yayılması hələ 1980-ci illərdə elmi şəkildə təsdiqlənib və son illərdə aparılan tədqiqatlar da həmin ərazilərdə növün mövcudluğunu bir daha sübut edib.
Səbinə Bünyatova bildirib ki, İrəvan gürzəsi də olduqca azsaylı növdür və yalnız məhdud sayda lokalitetlərdə rast gəlinir. Növ əsasən dəniz səviyyəsindən 2 000 metr və daha yüksək yüksəkliklərdə yaşayır. Subalp ekosistemlərinə xas olan bu ilan aşağı dağlıq və düzən ərazilərdə müşahidə edilmir.
Müxbir - Tünzalə Zeyvəliyeva