AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

05.08.2026 [17:22]

Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Klassik musiqi həvəskarları klubu”nun növbəti silsilə tədbiri çərçivəsində dahi bəstəkar və dirijor maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxışında maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, onun zəngin yaradıcılıq irsindən danışıb.
Bədii hissədə musiqişünas Sevinc İbrahimova, respublika və beynəlxalq müsabiqələr laureatı, Tallin musiqi və balet məktəbinin tələbəsi Şirin Əmiraslanova, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin şagirdi Buta Yusubovanın təqdimatında musiqi nömrələri səsləndirilib.
Tədbir çərçivəsində muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin fotoşəkillərdən ibarət slayd-şou və videoyazılar nümayiş etdirilib.
Daha sonra qonaqlar üçün muzeyin əməkdaşı Əzirə Abdullayeva maestro Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı ekskursiya aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az