Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 5-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 96, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tapança, 11 tüfəng, 5 patron darağı, 1 mərmi və 3 ədəd patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər də saxlanılıb.