Berlin, 6 avqust, AZƏRTAC
Münxen Ali Əyalət Məhkəməsi 2025-ci ilin fevralında həmkarlar ittifaqının nümayişi zamanı avtomobili iştirakçıların üzərinə sürərək 2 nəfərin ölümünə səbəb olan şəxsi ömürlük azadlıqdan məhrum edib.
AZƏRTAC xəbər verir ki, məhkəmə əfqanıstanəsilli 25 yaşlı şəxsi 2 nəfəri qəsdən öldürməkdə və 23 nəfəri qəsdən öldürməyə cəhd göstərməkdə təqsirli bilib. Həmçinin cinayətin xüsusi ağır xarakter daşıdığı müəyyən edilib ki, bu da onun 15 ildən sonra şərti azadlığa buraxılması imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxs 2025-ci ilin fevralında avtomobili qəsdən nümayiş iştirakçılarının üzərinə sürüb. Hadisə nəticəsində 1 qadın və onun 2 yaşlı qızı aldıqları xəsarətlərdən həyatını itirib, çoxsaylı digər şəxslər, o cümlədən bəziləri ağır olmaqla müxtəlif dərəcəli xəsarətlər alıblar.