AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

06.08.2026 [15:08]

Bakı, 6 avqust, AZƏRTAC
“Qarabağ” yaxşı komandadır. Səviyyəsi kifayət qədər yüksəkdir və heyətində yaxşı futbolçular var.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Vitali Kosovski UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçmiş komandasının “Qarabağ”la keçirəcəyi oyunlar barədə danışarkən deyib.
52 yaşlı ukraynalı mütəxəssis Azərbaycan təmsilçisinin güclü kollektiv olduğunu bildirib: “Qarabağ”ın uzun illərdir komandaya rəhbərlik edən Qurban Qurbanov kimi istedadlı baş məşqçisi var. Onun uğurları danılmazdır”.
O, Kiyev klubunun hazırkı vəziyyətinə də toxunaraq komandanı çətin sınağın gözlədiyini qeyd edib. “Düşünürəm ki, maraqlı oyun olacaq. Baxmayaraq ki, hazırda "Dinamo” ən yaxşı vəziyyətdə deyil, buna baxmayaraq, ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar. Əlbəttə, mən istəyərdim ki, sabiq komandam qalib gəlsin. Lakin bu, heç də asan olmayacaq”.
Vitali Kosovski altıqat Ukrayna çempionu, dördqat ölkə Kubokunun qalibi və 1999-cu ildə “Ağ-göylər”in heyətində Çempionlar Liqasının yarımfinalçısı olub.
Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını bu gün Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

Müxbir – Cavid Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az