AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

06.08.2026 [16:01]

Bakı, 6 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp donorlarla şəxsi görüşündə bildirib ki, o, Vitse-prezident Cey. Di. Vensin 2028-ci il prezident seçkilərində qalib gəlməsini istəyir.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, “The Washington Post” qəzetinin avqustun 6-da verdiyi məlumata görə, Tramp bu istəyini təxminən iki həftə əvvəl Oval Ofisdə donorlarla görüşündə ifadə edib.
Məlumata görə, bu şərh Trampın son bir ildəki ictimai mövqeyindən fərqlənir. O, əvvəllər Vens ilə Dövlət katibi Marko Rubio arasında rəqabəti təşviq edib, hər ikisini tərifləyib, birlikdə namizəd ola biləcəklərini bildirib və üstünlük verilən varisin adını çəkmək istəməyib.
Ağ Evin müşavirlərindən biri görüşdən sonra qeyd edib ki, Prezident Vensin özündən sonra Respublikaçılar partiyasına rəhbərlik etməsi qərarına gəlib, lakin onun namizədliyini nə vaxt elan edəcəyi və ya açıq şəkildə dəstəkləyəcəyini müəyyən etmək hələ tezdir.
Lakin Trampın digər altı müttəfiqi və məsləhətçisi buna tam əmin deyil. Onlar qeyd ediblər ki, Prezident fərqli insanlara müxtəlif sözlər deyir və yenə də fikrini dəyişə bilər. Ağ Evin bir rəsmisi deyib: “Bunun qəti qərar olduğunu düşünən hər kəs sadəcə hadisələri çox qabaqlayır və ya Prezidenti yaxşı tanımır”.
Vens isə planlarını açıqlamayıb. Vitse-prezidentlə danışan insanlar onun hələ qərarsız olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az