Bakı, 6 avqust, AZƏRTAC
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatını iki aspektdən qiymətləndirmək lazımdır. Təşkilatçılıq baxımından yarış Azərbaycanın növbəti uğur hekayələrindən biri oldu. Bir həftə ərzində dünyanın 60 ölkəsindən 1100-dən çox nümayəndə ölkəmizdə oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev Bakıda keçirilən U-17 dünya çempionatı barədə danışarkən deyib.
Onun sözlərinə görə, Dünya Güləş Birliyi (UWW), milli federasiyalar və iştirakçılar tərəfindən təşkilatçılıq, təhlükəsizlik, qonaqpərvərlik və yarışların ədalətli keçirilməsi ilə bağlı çox müsbət fikirlər səsləndirilib: “Xüsusilə qeyd etmək istərdim ki, müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Ermənistan nümayəndə heyəti də təşkilatçılığı yüksək qiymətləndirdi. Bu, Azərbaycanın beynəlxalq idman tədbirlərini ən yüksək standartlar əsasında təşkil etdiyini bir daha nümayiş etdirdi. Təbii ki, belə bir mötəbər yarışı müxtəlif dövlət orqanlarının və idman qurumlarının dəstəyi olmadan keçirmək mümkün deyil. Fürsətdən istifadə edib, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, İqtisadiyyat Nazirliyinə, Milli Gimnastika Arenasına və təşkilati məsələlərdə öz dəstəyini əsirgəməyən digər qurumlara Azərbaycan Güləş Federasiyası adından təşəkkürümüzü bildiririk”.
Qurum rəsmisi bildirib ki, dünya çempionatının ən əlamətdar məqamlarından biri də UWW-nin prezidenti Nenad Laloviçin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi olub: “Bu görüş ölkəmizdə idmana, xüsusilə də güləşə göstərilən yüksək dövlət qayğısının və diqqətinin növbəti təzahürüdür. Eyni zamanda, bu qəbul Azərbaycanın dünya güləşində etibarlı tərəfdaş və nüfuzlu təşkilatçı kimi mövqeyini bir daha təsdiqlədi”.
P.Piriyev yarışdan əvvəl yeniyetmə güləşçilərdən daha yüksək nəticələr gözlədiklərini bildirib: “Etiraf edək ki, tam istədiyimiz nəticəni əldə edə bilmədik. İndi əsas vəzifəmiz hər bir görüşü detallı şəkildə təhlil etmək, səhvlərimizi müəyyənləşdirmək və onların üzərində sistemli işləməkdir. Biz əvvəldən də vurğulayırdıq ki, U-17 yaş kateqoriyasında əsas məqsəd nəyin bahasına olursa-olsun medal qazanmaq deyil. Hədəfimiz gələcəkdə böyüklərdən ibarət milli komandanın əsas üzvlərinə çevriləcək güləşçilər yetişdirməkdir. Bu baxımdan, yarış bizim üçün çox dəyərli təcrübə və obyektiv qiymətləndirmə imkanı yaratdı. Güləşçilərimizin bu yarışdakı çıxışı bütün aspektlərdən təhlil ediləcək və ona uyğun müvafiq addımlar atılacaq. Hazırlıq prosesi federasiya tərəfindən planlaşdırıldığı kimi həyata keçirilmişdi. Təlim-məşq toplanışları, qidalanma proqramı və digər təminat məsələləri tam şəkildə icra olunmuşdu. İndi isə məqsədimiz nəticələrdən düzgün dərs çıxarmaq, müasir dünya güləşinin tələblərinə uyğun dəyişikliklər etmək və xüsusilə sərbəst güləş üzrə hazırlıq modelimizi daha da inkişaf etdirməkdir. Bu çempionat bizə göstərdi ki, uğurlu ənənələrimizi qorumaqla yanaşı, müasir dünya güləşinin inkişaf tempinə uyğun olaraq yanaşmalarımızı da daim yeniləməliyik. Məhz bu istiqamətdə sistemli iş aparacağıq”.
Baş katib yunan-Roma güləşi üzrə komandanın ənənəsinə uyğun olaraq uğurlu çıxış etdiyini və medallar qazandığını söyləyib: “Sərbəst və qadın güləşində isə daha yüksək nəticələr gözləyirdik. İndi isə əsas məqsədimiz emosional nəticələr çıxarmaq deyil, düzgün təhlillər əsasında hazırlıq sistemimizi daha da təkmilləşdirməkdir. Əlbəttə, qadın güləşində də ən azı 1 medal qazanmaq istərdik. Burada bir məqamı nəzərə almaq lazımdır. Keyfiyyət ilk növbədə kəmiyyətin üzərində formalaşır. Bu gün Azərbaycanda qadın güləşi ilə məşğul olan qızların sayı bizim arzuladığımız səviyyədən xeyli aşağıdır. Bu isə təbii olaraq seçim imkanlarımızı məhdudlaşdırır və daxili rəqabətin formalaşmasına təsir göstərir. Məhz buna görə də qarşıdakı dövrdə əsas prioritetlərimizdən biri qızların güləşə cəlb olunmasını genişləndirmək olacaq. Regionlarda qadın güləşinin inkişafı, yeni bölmələrin yaradılması, məktəblərlə əməkdaşlığın genişləndirilməsi, valideynlərin maarifləndirilməsi və qızların idmana marağını artıracaq layihələrin həyata keçirilməsi istiqamətində daha sistemli iş aparacağıq. İnanırıq ki, iştirakçı bazasını genişləndirə bilsək, daxili rəqabət də artacaq. Bu isə orta və uzunmüddətli perspektivdə beynəlxalq arenada daha yüksək nəticələr qazanmağımıza imkan verəcək”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan yığmaları turniri ümumilikdə 7 medalla başa vurub. Yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kiloqram), Abdurrahman Hüseynli (51 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkazov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar. Sərbəst güləşdə isə İbrahim Həsənov (51 kiloqram) dünya ikincisi olub.
Müxbir – Cavid Əliyev