Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyası süni intellekt texnologiyalarını tədris prosesinə tələbələrin yaradıcılıq imkanlarını genişləndirən köməkçi alət kimi inteqrasiya edir.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbələr konseptual eskizlərin hazırlanması, vizual ideyaların inkişafı və təqdimat materiallarının hazırlanmasında süni intellekt platformalarından istifadə qaydalarını öyrənirlər. Azərbaycan Rəssamlıq Akademiyası süni intellekt texnologiyalarını yaradıcı prosesi əvəz edən vasitə deyil, tələbələrin ideya və yaradıcılıq imkanlarını genişləndirən köməkçi alət kimi tədris prosesinə inteqrasiya edir. Bu yanaşma çərçivəsində tələbələr süni intellektəsaslı platformalardan konseptual eskizlərin hazırlanması, vizual ideyaların inkişaf etdirilməsi, kompozisiya həllərinin modelləşdirilməsi, yaradıcı araşdırmaların aparılması və təqdimat materiallarının hazırlanmasında istifadə qaydaları ilə tanış olurlar. Akademiyada bununla yanaşı, müəllif hüquqlarının qorunması, akademik dürüstlük, müəlliflik məsuliyyəti, intellektual mülkiyyət hüquqları və rəqəmsal etika məsələləri xüsusi diqqətdə saxlanılır. Ali təhsil müəssisəsi hesab edir ki, süni intellekt klassik bədii təhsilin alternativi deyil, onun imkanlarını genişləndirən mühüm texnoloji vasitədir.
Akademiyanın əsas məqsədi milli rəssamlıq məktəbinin zəngin ənənələrini qorumaqla yanaşı, rəqəmsal texnologiyalar və süni intellekt alətlərindən səmərəli istifadə bacarığına malik, müasir yaradıcı sənayenin tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaqdır.
Müxbir - Tünzalə Zeyvəliyeva