Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanda son illərdə uşaq və yeniyetmələrin internet mühitində təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla belə, qlobal rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində maarifləndirmənin daha sistemli xarakter almasına ehtiyac var.
Bunu AZƏRTAC-a açıqlamasında kibertəhlükəsizlik eksperti və tədqiqatçı Lamiyə Nəcəfova bildirib.
Ekspert qeyd edib ki, hazırda ölkədə uşaqların rəqəmsal təhlükəsizliyi istiqamətində dövlət və aidiyyəti qurumlar tərəfindən müxtəlif layihələr həyata keçirilir.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi məktəblərdə mütəmadi maarifləndirmə tədbirləri keçirir. Şagirdlərə kibergigiyena qaydaları, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdən təhlükəsiz istifadə, güclü parolların yaradılması və kiberbullinqə qarşı mübarizə ilə bağlı praktiki biliklər təqdim olunur. 2024-cü ildə "Məktəblinin dostu" layihəsi çərçivəsində də yüzlərlə məktəbli üçün xüsusi təlimlər təşkil edilib", – deyə o bildirib.
L.Nəcəfovanın sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə proqramları da məktəblilərin rəqəmsal riskləri tanımasına, şəxsi məlumatlarını qorumasına, onlayn dələduzluq və kiberbullinqə qarşı düzgün davranış vərdişləri qazanmasına xidmət edir.
O bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) məktəblilər, tələbələr və valideynlər üçün təşkil etdiyi kibergigiyena təlimləri ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.
“Assosiasiya uşaqların rəqəmsal savadlılığının artırılması, təhlükəsiz internet vərdişlərinin formalaşdırılması və gələcək kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir", – deyə ekspert vurğulayıb.
L.Nəcəfova hesab edir ki, əldə olunan nəticələrlə yanaşı, qarşıdakı mərhələdə kibertəhlükəsizlik sahəsində fəaliyyət daha sistemli xarakter almalıdır.
“Hazırda uşaqlar texnologiyadan istifadə etməyi öyrənirlər, lakin ondan təhlükəsiz istifadə etməyi sistemli şəkildə mənimsəmirlər. Buna görə ümumtəhsil məktəblərində yaş qruplarına uyğun məcburi “Kibergigiyena və Rəqəmsal Təhlükəsizlik” modulu yaradılmalıdır. Burada şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış, kiberbullinq, fişinq, süni intellekt və “deepfake” riskləri, eləcə də rəqəmsal etika mövzuları tədris edilməlidir”, – deyə o qeyd edib.
Ekspert uşaqlar, valideynlər və müəllimlər üçün vahid Milli Uşaq Kibertəhlükəsizlik Platformasının yaradılmasını da vacib hesab edir.
"Platformada tədris materialları, videodərslər, risk xəbərdarlıqları, onlayn testlər, kibertəhlükəsizlik oyunları, müraciət və dəstək mexanizmləri yerləşdirilə bilər. Bu platforma ölkədə kibertəhlükəsizlik üzrə vahid maarifləndirmə mərkəzinə çevrilə bilər", - deyə L.Nəcəfova bildirib.
Ekspert valideynlərin rəqəmsal savadlılığının artırılmasını da əsas prioritetlərdən biri sayır: "Araşdırmalar göstərir ki, uşağın internet təhlükəsizliyi ilk növbədə ailədə formalaşır. Məktəblərdə valideyn seminarları keçirilməli, onlayn təlim proqramları hazırlanmalı, kibergigiyena üzrə bələdçilər təqdim edilməlidir. Valideyn nəzarəti texniki nəzarətlə deyil, məlumatlılıqla təmin olunmalıdır".
L.Nəcəfova son illər süni intellekt və "deepfake" texnologiyalarının yaratdığı yeni risklərə də diqqət çəkib: “Deepfake” texnologiyaları uşaqlar və yeniyetmələr üçün yeni təhlükələr yaradır. Buna görə məktəblərdə media savadlılığı gücləndirilməli, süni intellekt vasitəsilə hazırlanmış saxta məzmunun tanınması və rəqəmsal manipulyasiyalara qarşı kritik düşüncə bacarıqları inkişaf etdirilməlidir".
Onun fikrincə, kibertəhlükəsizlik maarifləndirilməsi regionlarda da daha geniş miqyas almalıdır.
"Hər rayonda mütəmadi “Kibertəhlükəsizlik Günü” keçirilməli, məktəblərdə kiberklublar yaradılmalı, kibertəhlükəsizlik olimpiadaları və müsabiqələri təşkil olunmalı, səyyar maarifləndirmə proqramları genişləndirilməlidir. Bu yanaşma regionlarla paytaxt arasında rəqəmsal savadlılıq fərqinin azalmasına xidmət edəcək", – deyə o qeyd edib.
Ekspert, həmçinin uşaqlar üçün Milli Kibertəhlükəsizlik İndeksinin yaradılmasını təklif edib: “Hazırda uşaqların kibertəhlükəsizlik üzrə məlumatlılıq səviyyəsini ölçən vahid göstərici yoxdur. Məktəblər üzrə müntəzəm qiymətləndirmələr aparılmalı, risk xəritələri hazırlanmalı və bu məlumatlar gələcək dövlət siyasətinin formalaşdırılmasında istifadə edilməlidir. Bununla yanaşı, məktəblərdə məxfi müraciət kanalları, psixoloji dəstək və kiberbullinqə qarşı erkən xəbərdarlıq mexanizmləri yaradılmalıdır. Kiberbullinq artıq yalnız təhsil deyil, həm də psixoloji təhlükəsizlik məsələsidir".
O bildirib ki, uşaq və yeniyetmələrin kibertəhlükəsizliyi təkcə texniki və ya təhsil məsələsi deyil.
“Bu, milli təhlükəsizlik, insan kapitalının inkişafı və ölkənin rəqəmsal gələcəyi ilə birbaşa bağlı strateji istiqamətdir. Dövlət qurumları, təhsil müəssisələri, texnologiya şirkətləri və valideynlər arasında koordinasiyalı əməkdaşlıq gücləndirilməli, kibergigiyena mədəniyyəti erkən yaşlardan formalaşdırılmalıdır. Yalnız bu halda gələcək nəsil rəqəmsal dünyanın imkanlarından təhlükəsiz və məsuliyyətli şəkildə faydalana biləcək”, – deyə L.Nəcəfova fikrini yekunlaşdırıb.
Müxbir – Pərvanə Qafarova