AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

06.08.2026 [16:57]

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və müasir əmək bazarının tələblərinə uyğun olaraq tədris proqramlarında dəyişikliklər həyata keçirir. Akademiya klassik təsviri sənət məktəbinin fundamental prinsiplərini qorumaqla yanaşı, müasir texnologiyaların tədris prosesinə inteqrasiyasını əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026/2027-ci tədris ilindən etibarən tədris planlarının seçmə fənlər bloku yenilənəcək. Yeni proqramlara rəqəmsal yaradıcılıq və müasir texnologiyalar sahəsini əhatə edən fənlər daxil ediləcək. Rəngkarlıq ixtisasında “3D Qrafika” və rəngkarlıqda rəqəmsal texnologiyalar, qrafika ixtisaslarında “Kompüterdə modelləşdirmə və vizuallaşdırma” ilə “Rəqəmsal animasiya (2D/3D)”, dizayn, dekorativ-tətbiqi sənət və memarlıq ixtisaslarında isə “Vizual kommunikasiya” fənlərinin tədrisinə başlanılacaq.
Akademiyada layihəəsaslı öyrənmə metodlarının tətbiqi genişləndirilir, dizayn, memarlıq, dekorativ-tətbiqi sənət və qrafika ixtisaslarında müasir proqram təminatlarının istifadəsi artırılır. Məqsəd tələbələrin rəqəmsal yaradıcı sənaye üçün zəruri nəzəri bilik və praktik bacarıqlara yiyələnməsini təmin etməkdir.

Müxbir - Tünzalə Zeyvəliyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az