AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

06.08.2026 [17:31]

Budapeşt, 6 avqust, AZƏRTAC

Avropada davam edən güclü quraqlıq çaylarda su səviyyəsinin kəskin azalmasına və atom elektrik stansiyalarının fəaliyyətində çətinliklərə səbəb olur.
AZƏRTAC xəbər verir ki, yüksək temperatur və yağıntı çatışmazlığı xüsusilə Dunay hövzəsində enerji obyektlərinin soyutma imkanlarını məhdudlaşdırır.
Macarıstanda Paks Atom Elektrik Stansiyasının gücü Dunayda suyun səviyyəsinin rekord həddə enməsi səbəbindən azaldılıb, daha sonra stansiyanın fəaliyyəti tam dayandırılıb. Rumıniyada da Çernavoda Atom Elektrik Stansiyasının reaktorlarından biri aşağı su səviyyəsinə görə dayandırılıb, ikinci reaktorun taleyi isə çaydakı vəziyyətdən asılıdır. Fransada bəzi atom reaktorlarının istehsalı çay sularının temperaturu ilə bağlı ekoloji məhdudiyyətlər səbəbindən azaldılıb.
Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət dərhal genişmiqyaslı elektrik kəsintiləri demək deyil. Lakin quraqlığın uzanması enerji sistemlərinə əlavə təzyiq göstərə, elektrik idxalına ehtiyacı artıra və bəzi ölkələrdə istehlakın məhdudlaşdırılmasını gündəmə gətirə bilər.
Ekspertlər vəziyyətin hava şəraitindən asılı olaraq dəyişə biləcəyini qeyd edirlər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az