AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 6 avqust, AZƏRTAC
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması, şairə, xeyriyyəçi və ictimai xadim Xurşidbanu Natəvanın doğum günündə onun zəngin irsi və cəmiyyətə bəxş etdiyi dəyərlər bir daha ehtiramla yad olunur. Onun zəngin poeziyası, nəcib xeyriyyəçilik əməlləri və ictimai fəaliyyəti Azərbaycan qadınının cəmiyyət inkişafındakı müstəsna rolunu aydın təcəssüm etdirir.
Bu fikirləri AZƏRTAC açıqlamasında “Xan qızı Natəvan” mükafatları laureatı, şair Könül İbrahimsoy söyləyib.
Onun sözlərinə görə, Xurşidbanu Natəvan yaşadığı dövrdə təkcə şair kimi deyil, həm də rəssam, ictimai xadim və xeyriyyəçi kimi çoxşaxəli fəaliyyət göstərərək Azərbaycan mədəniyyətində silinməz iz qoyub.
K.İbrahimsoy bildirib ki, Natəvanın təşəbbüsü ilə 1872-ci ildə Şuşada yaradılan “Məclisi-Üns” dövrün ən nüfuzlu ədəbi məclislərindən birinə çevrilib. Burada şairlər, ziyalılar və muğam ifaçıları bir araya gələrək poeziya, klassik ədəbiyyat və musiqi ətrafında müzakirələr aparır, milli-mədəni mühitin inkişafına töhfə verirdilər.
“Bu gün müxtəlif ədəbi məclislərin fəaliyyət göstərməsi Natəvanın əsasını qoyduğu ənənənin yaşadığını göstərir. Onun yaratdığı mühit təkcə öz dövrü üçün deyil, bugünkü ədəbi proses üçün də örnəkdir”, – deyə o vurğulayıb.
Müsahib qeyd edib ki, Natəvanın fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də xeyriyyəçilik olub. Onun təşəbbüsü ilə Şuşaya çəkilən və “Xan qızı bulağı” adı ilə tanınan su kəməri uzun illər şəhər əhalisinin su təminatında mühüm rol oynayıb. Bundan başqa, Natəvan imkansız gənclərin təhsil almasına maddi dəstək göstərərək maarifçiliyin inkişafına da töhfə verib.
K.İbrahimsoyun fikrincə, Natəvanın irsinin dəyəri yalnız tarixi şəxsiyyət olması ilə məhdudlaşmır. Ədəbiyyata, mədəniyyətə, təhsilə və xeyriyyəçiliyə verdiyi töhfələr bu gün də cəmiyyət üçün aktual olan dəyərləri əks etdirir.
“Natəvan sübut edib ki, qadın eyni zamanda yaradıcı insan, ictimai xadim və xeyriyyəçi ola bilər. Onun ən böyük irsi yazdığı şeirlərdən daha çox xalqa xidmət fəlsəfəsidir. Biz onu yalnız xatırlamamalı, həm də bu yolu davam etdirməliyik”, – deyə o bildirib.
Şair əlavə edib ki, özü də müxtəlif ədəbi məclislərin və ictimai təşəbbüslərin iştirakçısı kimi maarifçilik, vətənpərvərlik və mədəni dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərməyə çalışır.
K.İbrahimsoy hesab edir ki, Xurşidbanu Natəvanın irsini yaşatmağın ən doğru yolu onun ideyalarını davam etdirmək, gənclərin təhsilinə, mədəniyyətin inkişafına və cəmiyyətə xidmət ənənəsinə töhfə verməkdir.
“Azərbaycanın gələcəyi üçün çalışan hər bir insan Natəvanın həyat yolundan nümunə götürə bilər. O, xalqına xidmət etməyin, xeyirxahlığın və mənəvi dəyərlərə sadiqliyin simvoludur”, – deyə Könül İbrahimsoy fikrini yekunlaşdırıb.
Müəllif- Lalə Minasazova