Ağdərə, 6 avqust, AZƏRTAC
Otuz üç il yurd həsrəti ilə yaşayan Səfərovlar ailəsi Böyük Qayıdış Proqramı çərçivəsində Ağdərə rayonunun Kolatağ kəndinə qayıdaraq doğma torpaqda yeni həyata başlayıb.
AZƏRTAC xəbər verir ki, ötən il avqustun 15-də Kolatağa köçən ailə hazırda təsərrüfatla məşğul olur.
Ailənin başçısı Amil Səfərov deyib ki, işğal illərində Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən fermada məskunlaşıblar. İllər sonra həsrətində olduqları doğma yurda qayıtmaq onlar üçün ən böyük arzunun gerçəkləşməsi olub.
"Bu günə şükürlər olsun! Prezidentimizə, Ordumuza təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!", – deyə Amil Səfərov bildirib.
Dörd nəfərdən ibarət ailə hazırda təsərrüfatında mal-qara və ev quşları saxlayır, gündəlik işlərlə məşğul olur.
Amil Səfərovun sözlərinə görə, doğma torpaqda yaşamaq və zəhmət çəkmək tamam başqa hissdir: “Doğma torpaqda zəhmət çəkməyin ayrı bir mənəvi dəyəri var. Buranın təbiəti, havası, suyu çox gözəldir".
Doğma torpaqlara qayıdış Səfərovlar ailəsinin həyatında yeni mərhələnin başlanğıcı olub. İllərin həsrətini geridə qoyan ailə bu gün öz yurdunda zəhmətlə yeni həyat qurur və uzun illərdən sonra öz el-obasında yaşayıb-yaratmağın sevincini yaşayır.