Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunub.
AZƏRTAC xəbər verir ki, C.Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir qeyd edib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr aparılıb.
C.Bayramov Ukrayna Prezidentinə Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar, sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini bildirib.
Xarici işlər naziri, həmçinin Prezident Volodimir Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.