AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

06.08.2026 [22:20]

Qahirə, 6 avqust, AZƏRTAC

Bakıda Ərəb Dövlətləri Liqasının nümayəndəliyinin açılması istiqamətində müzakirələrin davam etdirilməsinin Azərbaycan ilə Liqa arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verə biləcəyi bildirilib.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun Baş Qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqasının yeni seçilmiş Baş katibi, Misirin keçmiş xarici işlər naziri Nəbil Fəhmi ilə görüşü zamanı səsləndirilib.
Görüşdə Azərbaycan ilə ərəb dövlətləri arasında tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətləri, regional gündəmdə duran məsələlər, eləcə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın Fələstin məsələsinə dair mövqeyi də diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmiz problemin BMT qətnamələri və beynəlxalq hüququn norma və prinsipləri əsasında, iki dövlət prinsipi çərçivəsində həllini dəstəkləyir. Qeyd olunub ki, 2013-cü ildə Bakıda keçirilmiş “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans” və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycan Fələstinə 5 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırıb. Bununla yanaşı, Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə humanitar dəstəyini davam etdirdiyi, həmçinin Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı ayrıldığı vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub. Ərəb Dövlətləri Liqasının Baş katibinə iki ölkə arasında davam edən sülh prosesi, əldə olunan nəticələr və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az