AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli şərhçi: Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində oynadığı rolu dəstəkləyir VİDEO

01.09.2026 [15:35]

Pekin, 1 sentyabr, AZƏRTAC

Çinlilər Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığa çevrilməsindən və ikitərəfli münasibətlərimizin diplomatik ifadələrdəki dəyişikliklərdən daha da irəliləməsi faktından çox ruhlanırlar. Yüz minlərlə çinli vizasız rejimdən istifadə edərək Bakıya və Azərbaycanın digər yerlərinə səyahət edib, bu gözəl Xəzər dənizi ölkəsini, qədim olduğu qədər müasir diyarı yenidən kəşf edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Taihe İnstitutunun həmtəsisçisi, CGTN kanalının şərhçisi Van Quan deyib.
“Çin və Çin şirkətlərinin də fəal iştirak etdiyi Orta Dəhliz Avrasiyada Şərqlə Qərbi birləşdirən ən əlverişli yola çevrilir və şimaldakı geosiyasi gərginliklərdən, eləcə də cənubda Hörmüz boğazının bağlanmasından qaynaqlanan geosiyasi şoklardan yan keçir. Beləliklə, Azərbaycanın əsas hissəsi olduğu Orta Dəhlizin böyük potensialı var. Çin onu dəstəkləyir və həmişə dəstəkləyəcək”, - deyə Van Quan bildirib.
Çinli ekspert deyib ki, Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində oynadığı rolu dəstəkləyir və Pekin dəfələrlə bir neçə sənəd vasitəsilə hazırkı dialoq tərəfdaşı statusuna malik Azərbaycanın təşkilatda daha da vacib rol oynamasını istədiyini açıq şəkildə bildirib.
Tanınmış şərhçi bir neçə il əvvəl Azərbaycanda səfərdə olduğunu və Prezident İlham Əliyevdən müsahibə aldığını xatırladıb: “Azərbaycana səfər etmək və Prezident İlham Əliyevdən müsahibə almaq şərəfinə nail oldum. Biz bu gözəl Xəzər dənizi ölkəsi haqqında çox şey öyrəndik. Düşünürəm ki, Çin-Azərbaycan həmrəyliyi təkcə siyasətçilər və diplomatlar arasında deyil, həm də iki xalqın geniş ictimaiyyəti arasında həqiqi həmrəylik və mehribanlıq hissi yaradır. Humanitar əlaqələrin genişlənməsi, daha çox fikir mübadiləsi - bütün bunlar münasibətlərimizin yaxşılaşdırılmasında və daha da güclənməsində böyük rol oynaya bilər”.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az