AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Real Madrid”in futbolçusu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalandırılıb

02.09.2026 [15:38]

Bakı, 2 sentyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu avqustun 16-da Qran-Kanariya adasında polis tərəfindən saxlanılıb. Test zamanı onun qanında normadan yüksək – hər litr üçün 0,90 milliqram alkoqol aşkarlanıb. İcazə verilən hədd isə 0,25 milliqramdır.
Asensio 14,4 min avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, yaxın günlərdə futbolçu ilə bağlı başqa bir məhkəmə prosesi də keçiriləcək. O, “Real Madrid”in üç sabiq gənc futbolçusu ilə birlikdə iki qadının razılığı olmadan görüntülərinin yayılmasında ittiham olunur. Asensionun bu işdə ikinci dərəcəli rol oynadığı bildirilib.
Raul Asensio 2024-cü ildə “Real Madrid”in əsas komandasında debüt edib. O, Madrid təmsilçisinin heyətində 80 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az