Bakı, 2 sentyabr, AZƏRTAC
Kibertəhlükəsizlik sahəsində biliklərini beynəlxalq təcrübə ilə zənginləşdirmək istəyən İsmayıl Əliyev üçün xaricdə təhsil yalnız akademik inkişaf imkanı deyil, həm də Azərbaycanda bu sahənin gələcəyinə töhfə vermək yoludur. 2022-ci ildə 562 balla Bakı Mühəndislik Universitetinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olan İsmayıl təhsilini 96,87 orta göstərici ilə başa vurub. O, Dövlət Proqramı çərçivəsində İngiltərənin Vorvik Universitetində kibertəhlükəsizlik mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaq.
AZƏRTAC-a müsahibəsində İsmayıl Əliyev bildirib ki, kibertəhlükəsizliyin qlobal əmək bazarında artan tələbatı və bu sahədə beynəlxalq təcrübəyə yiyələnmək istəyi onu xaricdə təhsil almağa sövq edib: “Universitetdə təhsil aldığım ilk illərdən kibertəhlükəsizlik sahəsində həm yerli, həm də xarici yanaşmaları öyrənmək əsas məqsədlərimdən biri olub. Dövlət Proqramı isə bu istiqamətdə mənə çox yaxşı imkan yaratdı. Xaricdə təhsil almaqla yanaşı, ölkəyə qayıtdıqdan sonra qazandığım bilikləri burada tətbiq etmək və dövlətin dəstəyi ilə karyeramı davam etdirmək imkanımın olması proqramı seçməyimdə mühüm rol oynadı.
Müraciət və hazırlıq prosesi mənim üçün kifayət qədər intensiv keçdi. Həmin dövrdə, həmçinin təcrübə proqramlarında iştirak edir, yerli magistratura imtahanına hazırlaşır, xarici universitetlərə müraciətlər edir və təqaüd prosesinə hazırlaşırdım. Bir neçə işi paralel şəkildə həyata keçirmək müəyyən qədər yorucu olsa da, onların hər birinin öhdəsindən gəlməyi bacardığım üçün məmnunam. Vorvik Universitetini seçməyimin əsas səbəbi burada tədris olunan modulların kibertəhlükəsizlik sahəsində inkişaf etdirmək istədiyim istiqamətlərlə üst-üstə düşməsidir. İngiltərə kibertəhlükəsizlik üzrə qabaqcıl ölkələrdən biridir. Burada tətbiq olunan müasir yanaşmaları öyrənərək gələcəkdə onları Azərbaycanda tətbiq etmək istəyirəm. Eyni zamanda, Vorvik Universitetinin müəllimlərinin qabaqcıl araşdırma və layihələr həyata keçirməsi, tələbələrə də həmin layihələrdə iştirak etmək imkanı yaratması mənim üçün mühüm üstünlükdür. Hesab edirəm ki, bu mühit həm nəzəri biliklərimi, həm də praktiki bacarıqlarımı inkişaf etdirməyə və qlobal təcrübə qazanmağa imkan verəcək.
Gələcəkdə əldə edəcəyim bilik və bacarıqları kiberhücumların yarada biləcəyi fiziki zərərlərin qarşısının alınması, təhlükəsizlik həllərinin avtomatlaşdırılması və yerli kadrların hazırlanması istiqamətində istifadə etmək istəyirəm. Eyni zamanda, məzun olduğum Bakı Mühəndislik Universitetində müəllim kimi fəaliyyət göstərərək bu sahədə yeni mütəxəssislərin yetişdirilməsinə töhfə vermək fikrim var. Dövlət Proqramına müraciət edəcək gənclərə tövsiyəm isə məqsədlərini əvvəlcədən dəqiq müəyyənləşdirmələridir. Hansı ixtisası, hansı universitetdə və nə üçün oxumaq istədiklərini, eləcə də Azərbaycana qayıtdıqdan sonra hansı istiqamətdə fəaliyyət göstərəcəklərini bilmələri vacibdir”.
İsmayıl Əliyevin qarşıdakı təhsil mərhələsi onun üçün kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə qazanmaqla yanaşı, bu bilikləri gələcəkdə ölkəmizdə tətbiq etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Vorvik Universitetində əldə edəcəyi yeni bilikləri Azərbaycana gətirmək, yerli mütəxəssislərin hazırlanmasına töhfə vermək və çalışdığı sahədə təhlükəsizlik imkanlarının inkişafına dəstək olmaq onun əsas hədəflərindəndir.