Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Azərbaycanda ikinci dəfə ikigünlük “İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — LCOY Azərbaycan 2026” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir ölkənin müxtəlif bölgələrindən gənc iqlim liderlərini, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin ölkənin aparıcı ekspertlərini bir araya gətirib.
LCOY (Local Conference of Youth) Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) daxilində fəaliyyət göstərən rəsmi gənclər şəbəkəsi YOUNGO-nun təşəbbüsü ilə keçirilir və gənclərin iqlim siyasətində iştirakını təmin etmək, innovativ ideyaların mübadiləsinə şərait yaratmaq və qlobal iqlim gündəminə töhfə vermək üçün əhəmiyyətli platforma rolunu oynayır. Hər il dünyanın 50-dən çox ölkəsində təşkil edilən bu konfranslar milli gənclik mövqelərinin qlobal iqlim siyasəti prosesinə daxil olmasının əsas mexanizmidir.
“LCOY Azerbaijan 2026”nın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən "EkoSfera" Ekoloji-Sosial Mərkəzidir. Təşkilat YOUNGO-nun LCOY İş Qrupu tərəfindən ardıcıl ikinci il Azərbaycanda konfransın təşkilatçısı kimi seçilib.
Konfransın təşkilinə dəstək göstərən tərəfdaşlar sırasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi, akademik tərəfdaşlar ADA Universiteti və Bakı Dövlət Universiteti, həmçinin region gənclərinin konfransa cəlb olunmasına dəstək verən "Regional İnkişaf" İctimai Birliyi yer alıb.
Konfransın birinci günü və açılış mərasimi ADA Universitetində olub. Açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, Bakı Dövlət Universitetinin prorektoru Şahin Pənahov, FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, "Regional İnkişaf" İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva və "EkoSfera" Ekoloji-Sosial Mərkəzin rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə çıxış edərək, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin liderlik missiyasını və onların qərarvermə proseslərinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıblar. Rəsmi hissənin sonunda ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı, professor Matteo Vittuarinin onlayn video mesajı nümayiş olunub.
Açılışdan sonra "LCOY, YOUNGO və UNFCCC — Kontekst Təqdimatı" sessiyası keçirilib. İştirakçılar LCOY-un qlobal şəbəkədəki yeri, YOUNGO-nun UNFCCC daxilindəki rolu və Milli Gənclər Bəyanatının COP31-ə gedən yolu ilə tanış olublar. Sessiya çərçivəsində təşkil edilmiş interaktiv "İqlim xəritəsi" fəaliyyəti zamanı gənclər Azərbaycan xəritəsi üzərində öz regionlarının ən aktual iqlim narahatlıqlarını qeyd ediblər.
"Dayanıqlı Azərbaycan: İnfrastruktur və qida sistemləri" başlığı altında keçirilən plenar sessiyanın birinci hissəsində "Bakı Ağ Şəhər"in direktor müavini Xaliq Orucov, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçisi Nərgiz Qaracayeva və Firuzə Sultan-zadə çıxış ediblər.
Plenar sessiyanın ikinci hissəsində iqlim dəyişikliyinin Azərbaycanın kənd təsərrüfatına təsiri, iqlimə uyğun kənd təsərrüfatı prinsipləri, ekoloji sertifikasiya və qida standartları, ərzaq təhlükəsizliyi və dayanıqlı istehlak mövzuları müzakirə olunub.
Günün ikinci yarısında iki paralel sessiya da keçirilib.
Birinci günün yekun hissəsində Milli Gənclər Bəyanatının hazırlanması üzrə giriş sessiyası təşkil olunub. Gənclər bəyanatın quruluşu və siyasi tələbin elementləri ilə tanış olub, nümunə tapşırıqlar üzrə məşq edib və elektron səsvermə vasitəsilə bəyanatda yer alacaq prioritet mövzuları özləri müəyyənləşdiriblər.
Konfrans işini sentyabrın 12-də Quba rayonunda davam etdirəcək.