Bakı, 11 sentyabr, AZƏRTAC
Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Belarusun Brest şəhərində keçiriləcək 30-cu “Belaya Veja” Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edəcəyik. Tamaşa sentyabrın 14-də Brest Akademik Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov deyib.
“Bu tamaşanın uzun illərdir repertuarda olması və müxtəlif festivallarda uğurla nümayiş etdirilməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əsərdə ensiklopedik biliklərə malik, lakin daxili dünyasında tənhalıq yaşayan bir insanın həyatına, düşüncələrinə və hisslərinə şahidlik edirik. Onun opera “ulduzuna” olan sevgisi və həmin qadınla ünsiyyət qurmaq istəyi tamaşanın əsas xəttini təşkil edir. Tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Sarkazm və yumorla təqdim olunan bu hekayənin əsas mesajlarından biri isə insanın, ilk növbədə, özünə sadiq olmasıdır. Düşünürəm ki, bu fikir tamaşanı izləyən hər kəs üçün düşündürücü olacaq.
Festivalda bu əsərlə çıxış etmək və Azərbaycan teatrını beynəlxalq səhnədə təmsil etmək mənim üçün böyük məsuliyyət və qürurdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçı isə Əməkdar artist Şövqi Hüseynovdur.