AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Mina təhlükəsi Böyük Qayıdışa hələ də ciddi maneədir VİDEO

11.09.2026 [15:59]

Bakı, 11 sentyabr, AZƏRTAC

Son iki gün ərzində Xocalı və Ağdərə rayonlarının ərazisində baş verən mina partlayışları bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddidir. Bu təhlükə Böyük Qayıdışın sürətlə reallaşmasına, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışına ciddi maneə yaradır, bərpa-quruculuq prosesinin həyata keçirilməsini ləngidir.
Bu fikirləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu problemi həll etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda çox maraqlıdır. “Bununla əlaqədar olaraq ötən həftə Bakıda böyük beynəlxalq konfrans təşkil edilib. Həmin konfransda 40 ölkədən 600-dən artıq nümayəndə iştirak edib. Bəzi dövlətlərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycandakı diplomatik korpusun rəhbərləri həmin konfransa qatılıblar. Azərbaycan bu problemin ciddiliyini daha yaxşı bilir və Azərbaycan vətəndaşları bunu öz həyatlarında hiss edirlər. Minalardan təmizləmə prosesi həddindən artıq maliyyə vəsaiti və vaxt tələb edən prosesdir. Azərbaycan demək olar ki, son beş ildə öz ərazilərinin təmizlənməsini təkbaşına həyata keçirir. Beynəlxalq təşkilatlardan və bəzi dövlətlərdən müəyyən yardımlar var. Bu yardımın həcmi 4 faiz civarındadır. Biz çox istərdik ki, ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana ayrılan yardımlar məsələsinə bir daha baxsınlar və bu yardımlar dəfələrlə artırılsın”.
H.Səfixanov bildirib ki, bu işlərin tam əhatəli formada həyata keçirilməsi üçün Ermənistanın da üzərinə müəyyən məsuliyyət düşür. “Ermənistan öz əlində olan dəqiq mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir. Məlumdur ki, Ermənistan tərəfi əvvəlki illərdə bir neçə partiyada Azərbaycana mina xəritələri təqdim edib. Bu, əsasən keçmiş cəbhə xəttinə aid olan əraziləri əhatə edir və bizim mütəxəssislərin yerlərdə yoxlaması nəticəsində məlum olub ki, bu xəritələr bəzi yerlərdə heç 25 faiz dəqiqlikdə deyil. 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistan Silahlı Qüvvələri hələ onların nəzarətində olan ərazilərdə ikinci cəbhə xətti yaradıblar. Təxminən 480 kilometrlik ərazi 2 kilometr dərinlikdə minalanıb və bu, 960 kvadrat kilometrlik ərazini əhatə edir. Bu ərazilərə aid Azərbaycana heç bir xəritə təqdim edilməyib.
Biz təşkilat olaraq mina qurbanlarının statistikasını aparır, həmin hadisələrin başvermə səbəblərini öyrənirik. Aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, 44 günlük müharibədən sonra, yəni 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanda baş vermiş mina hadisələrinin 60 faizdən çoxu keçmiş təmas xəttindən kənarda baş verən hadisələrdir. Bu, bir daha onu göstərir ki, həmin ərazilərə aid formul¬yarlar Azərbaycan tərəfinə təhvil verilməlidir və bundan sonra minalardan təmizləmə prosesləri həyata keçirilməlidir”, - deyə Hafiz Səfixanov vurğulayıb.

Müxbir – Səbinə Əlizadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az